
Avropa Liqasının "F" qrupunda mübarizə aparan "Qarabağ"ın rəqibləri - "Sent Etyen" və "Dnepr" bu axşam Fransada üz-üzə gələcəklər. Sportnet.az-ın məlumatına görə, Bakıda komandamızla qolsuz bərabərliyə sevinən fransızların baş məşqçisi Kristof Qaltye "Futbol 1" telekanalına maraqlı açıqlama verib.
İlk matçda "İnter"ə evində minimla hesabla uduzan (0:1) dnepropetrovsklularla oyun barədə danışan mütəxəssis qrupda mübarizə aparan komandaların imkanlarını dəyərləndirib: "Rəqibin həm legioner, həm də yerli futbolçuları bizim oyunçulardan güclüdür. Amma bu, o demək deyil ki, asan təslim olacağıq. Mübarizə sona qədər davam edəcək. Real danışmaq lazımdır, hesab edirəm ki, qrupun aşkar favoriti "İnter" və "Dnepr"dir".
Maraq üçün deyək ki, Qaltye sentyabrın 18-də Bakıda baş tutan "Qarabağ" - "Sent Etyen" (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Qurban Qurbanovun komandası qrupun favoritlərindən biridir.













































































