
"Böyükağa Hacıyevin ürəyi futbolla döyünürdü. Son günə qədər futbolla idi, giley-güzarını çatdırırdı”.
Sportnet.az xəbər verir ki, bunu "Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov tanınmış məşqçi Böyükağa Hacıyevin vəfatı ilə bağlı danışarkən deyib. O, bildirib ki, Azərbaycan böyük bir mütəxəssisi itirib: "Çox böyük itkidir. O, həm sloqanları, həm özünü istətməyi, həm də məşqçi bacarağı ilə yadda qalacaq. Mətbuat konfransları yadıma düşür. Onun nə sözü, nə də futbolu şablon olub. "Neftçi”nin qazandığı uğurlarda böyük pay sahibidir. Üzərimizdə haqqı var. Özü ilə danışdanda da dedim ki, haqqını halal et. Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı məşqçidir”.
S.Sadıqov dəfn mərasimində gözlənildiyi qədər çox insanın iştirak etməməsinə də toxunub: "Vəfatı qəfil oldu. Dəfnə gələnlərin hamısına "çox sağ ol" deyirəm. Qəfil olmasaydı, gələn də çox olardı. Onun sevənləri çoxdur. Gözəl insanı itirdik. Dəyərli qardaş idi. İnanmıram ki, Azərbaycan futbolunda bu cür tarix yazan, öz dəst-xətti olan məşqçi bir daha gəlsin. Allah ömür versəydi, daha böyük uğurlara imza atardı. Bu cür insanlar tək-tük olur. Allah rəhmət eləsin”.
Dəfndə iştirak edən "Neftçi”nin futbolçusu Rəşad Sadiqov da Böyükağa Hacıyev xoş sözlərlə xatırlayıb: "Futbolçularla danışıq qabiliyyəti çox yaxşı idi. Futbolçulara yaxşı motivasiya verirdi. Oyuna çıxanda da həmin matça futbolçuları kökləməyi çox güclü idi. Bunu əminliklə deyə bilərəm ki, Azərbaycanda bütün zamanların ən yaxşı məşqçilərindən biridir. Sözün düzünü desəm, xəstəxanaya onu ziyarət etməyə getməmişəm. Onunla məclislərdə, toylarda görüşə bilirdik. Çox yaxşı məşqçi idi. Böyükağa müəllim tarix yazdı. Ölkəmizdə klubu ilə Avropa Liqasının qrup mərhələsəində çıxış edən ilk məşqçidir. Ölkə çempionluqları da yaşayıb. Onun Azərbaycan futbolunda hər bir nəticəsi oldu. Futbolçulara da Azərbaycan futboluna da öz tövsiyyəsini verə bildi. Çempionat oyununda "Sumqayıt"a məğlub olduq. Ondan sonra dedi ki, arının yuvasına çöp uzatdılar. Xatırlayırsınısa sonra "Sumqayıt"ı 8:2 hesabı ilə məğlub etdik. Bu oyundan sonra isə Böyükağa müəllim dedi ki, sizə dedim axı arının yuvasına çöp uzatdılar. Ona görə belə oldu. Onun çox yaxşı sözləri var idi”.
"Neftçi”nin sabiq futbolçusu Rail Məlikov Hacıyevin rəhbərliyi altında uğurlara imza atdığını xatırladıb: "Mən onun rəhbərliyi ilə həm "Bakı"da, həm də "Neftçi" klubunda oynamışam. İki klubdada çempionluğu Böyükağa müəllimin rəhbərliyi altında qazanmışam. Ola bilsin ki, bəzi futbolçuların hadisədən xəbəri yoxdur. Hər bir kəs özünə cavabdehdir. Biz bura gəlməyi özümüzə borc bildik. Çünki onun rəhbərliyi altında çalışmaşıq. Yaxşı nəticələr də əldə etmişik. Bu gün isə bura gəldik və dəfndə iştirak etdik”.
Böyükağa Hacıəyevin oğlu Rüstəm Hacıyev isə, AFFA rəhbərliyinə minnətdar olduğunu bildirib: "Bu gün danışa bilmirəm. Ən pis günümüzdür. AFFA rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Onlar hər zaman bizim yanımızda oldular. Başda AFFA prezidenti Rövnəq Abdullayev olmaqla hər birinə təşəkkür edirəm. Sadıq Sadıqov da bizi diqqətdə saxlayan şəxslərdən biridir. Həmişə yanımızda olub. Bu gün də hər bir şeyi AFFA rəhbərliyi etdi. Heç nə deyə bilmirəm. Ən pis günümüzdür. Acılı bir gündür. Deməyə söz tapmıram. Burda görmək istədiyim ancaq görə bilmədiyim şəxslər var idi. Mən onlara da heç nə demirəm. Hər şeyi onların insanlığına buraxıram. O haqda ümumiyyətlə danışmaq istəmirəm. AFFA rəhbərliyənə çox minnətdaram."
Qeyd edək ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, B.Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Tanınmış mütəxəssis bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.