"Qurban Qurbanovun rəhbərliyi altında taktiki çalışmalara üstünlük veririk. İstəyirik ki, komanda çox yüklənməsin. Elə məşq etmək istəyirik ki, oyunda nə edəcəyimizi bilək".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Kiprin "Anartosis" klubunun futbolçusu Araz Abdullayev Belarus yığması ilə yoldaşlıq görüşü ərəfəsində keçirdiyi brifinqdə deyib. O, jurnalistlərin digər suallarını da cavablandırıb...
- Sabahkı oyun və rəqib haqqında nə düşünürsən?
- Rəqib yaxşı komandadır. Bizə layiqli rəqibdir. Çalışacağıq ki, Azərbaycan xalqına gözəl oyun nümayiş etdirək. Birinci məqsədimiz budur. Sonra isə əlimizdən gələn qədər yaxşı nəticə qazanmaq niyyətindəyik.
- Kipr mətbuatında sənin 150 min avroya "Anartosis”ə transfer olacağınla bağlı xəbərlər yayılıb. Bu an klubla durumun necədir?
- İndi milli komandadayıq. Bütün diqqətimi bura yönəltmişəm. Bu barədə düşünmürəm. Qarşımızda iki oyun var. İki oyunu keçirək, yaxşı nəticə qazanandan sonra bu barədə danışmaq olar.
- Zədədən sonra formanı bərpa edə bilirsənmi?
- Çalışıram. Əlavə məşqlər də edirəm. Bu iki oyunda çalışacam ki, daha da qabağa gedim.
- Oyunlarına baxırıq. Ümumiyyətlə xaricdə yaşamaq, başqa çempionatda çıxış etmək futbolçu kimi sənə nə verib?
- Xaricdə oynayanda, milli komandaya gələndə özünəinam daha da artır. Azərbaycanlıları qürürlandırmaq, yaxşı oynamaq, qol vurmaqla yadda qalmaq istəyirəm.
- Bir çox məşqçi ilə işləmisən. Onların Qurban Qurbanovla fərqi nədir?
- Qurban müəllim hər şeyi daha sakit başa salır. Taktiki gedişlərlə bağlı söhbət edir. Onunla daha əvvəl çalışmamışam. Şəxsi tanışlığım da yox idi. Tanıdıqdan sonra bu insana hörmətim daha da artdı.
- Qurbanovla xaricdə oynamağın və geri dönməyinlə bağlı fərdi söhbətin olub?
- Ancaq oyunla bağlı danışırıq. Necə oynamalıyıqsa, onu izah edir.