"Yaxşı oynasaq da, epizodlarımızı dəyərləndirə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun futbolçusu Bəxtiyar Həsənalızadə evdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 26 yaşlı müdafiəçinin fikrincə, məğlubiyyətin səbəbi məhz budur. Lakin o, böyüdüləsi bir şeyin olmadığını vurğulayıb: "Hər şey qarşıdadır. Növbəti oyunlara köklənəcəyik".
Həsənalızadə nəticənin oyuna görə olmadığını iddia edib: "Səbail"in 2-3 epizodu oldu. Bunları da qola çevirdilər. Ancaq bizdə ən azı 5 epizod oldu, bunlardan biri qolla nəticələndi. Şanslarımızı dəyərləndirə bilsəydik, hesab başqa cür ola bilərdi".
"Sumqayıt"ın oyunçusu avrokuboklara vəsiqə uğrunda əsas rəqibləri "Neftçi" və "Zirə"nin hesabat turunda məğlubiyyətlərinin bu oyuna təsir etmədiyini əlavə edib: "Qələbə qazanmağın fərqində idik. Arxayınlıq yox idi. Epizodları qola çevirmək lazım idi. Oyunumuz pis alınmadı".
Həsənalızadə növbəti tur səfərdə "Kəpəz"lə keçirəcəkləri oyundan da danışıb. O, bildirib ki, Gəncə səfəri bütün komandalar üçün çətin olsa da, qələbə qazanmağa çalışacaqlar: "Fürsəti əldən vermək istəmirik və verməyəcəyik də. Qələbələrin ardı gələcək və "Sumqayıt" avrokuboklara vəsiqə qazanacaq".