AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyevin Sportnet.az-a müsahibəsi
- AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamsında klubları qeyri-peşəkar adlandırıb. Bu çatışmazlıqlar əsas verirmi ki, I Diviziondakı komandalar qeyri-peşəkar fəaliyyət göstərir?
- Xeyr. Mən elə deməzdim. Belə adlandırmaq istəmirəm. Klubların yanaşması biz istədiyim kimi deyil. Biz klubdan xahiş edirik ki, sənədi bizə belə formada təqdim etsin. Necə formada olmağını göstəririk. Yenidən həmin sənəd bizə qayıdır. Görürük ki, biz istədiyimiz kimi deyil. Bu sənədləri beynəlxalq təcrübəyə əsaslanıb düzəltmişik. Sənəd biz istədiyimiz kimi doldurulmur. Bu proses belə davam edir. Biz kluba göndəririk, onlar da bizə təqdim edir. Belə yanaşma ilə üzləşirik. Bütün klubları buna daxil etmək düzgün deyil.Amma bu hadisə bir neçə dəfə baş verib.
- Premyer Liqada çıxış edən komandaların hamısı növbəti mövsüm üçün müraciət edibmi?
- Premyer Liqa klublarından hamısı müraciət edib. Avrokuboklarda çıxış üçün isə "Səbail"dən başqa hamısı müraciət ünvanlayıb.
- Əvvəllər "Kəpəz" növbəti mövsüm üçün sənədlərini təqdim etməmişdi?
- "Kəpəz" mövsümün əvvəllərində avrokuboklarda istək haqqında məktub göndərib. Həmin sənədi təqdim etmişdilər. Amma sonradan UEFA üçün detallı sənədlər lazım olub. Onları təqdim etməmişdilər. Ona görə də elə bildirilmişdi ki, "Kəpəz" avrokuboklara sənəd verməyib.
- Sonradan müvafiq sənədləri təqdim etdilər?
- Xeyr. Sonradan bizə lazım olan sənədləri vermədilər. Hazırda məsələ o yerdədir ki, "Kəpəz" klubu avrokuboklara sənəd verməyib.
- Hazırda Premyer Liqa klublarının sənədlərində lisenzilaşma ilə bağlı çatışmazlıqlar var?
- Çatışmazlıq olan klublar var. Mən adlarını açıqlamaq istəmirəm. 1-2 klubda bir sıra problemlər var. Amma onlar da bizim tövsiyələrimizdən sonra səhvləri düzəldib bizə təqdim ediblər. Premyer Liqa klubları ilə çox problem yaşamırıq. Bu komandalara nəyisə düzəltməyi xahiş ediriksə, onu da həll edirlər.
- I Divizionda Əsas çempionata çıxmaq şansı olan komanalar varmı? Onların şanslarını necə dəyərləndirirsiniz?
- Hazırkı reqlamentə əsasən sonuncu olan klub premyer liqadan getməlidir. I Diviziondan isə bir klub gəlməlidir. Aşağı liqadan da sənədlərini verən klublar var. Sizə deyə bilərəm ki, I Diviziondan hər hansı bir komandanın əsas liqada çıxış etmək ehtimalı mövcuddur. Burada sənədlərini verən və sənədləri qaydasında olan klublar var. Sayını isə deyə bilmərəm.
- Növbəti mövsüm Premyer Liqanın 10 komandadan ibarət olması ehtimalı var...
- Bu məsələ ilə bağlı tam məlumatım yoxdur. Belə xəbərləri ancaq mətbuatda görmüşəm. Bunun rəsmi müzakirəsini eşitməmişəm. İndiki reqlament 8 komandanın iştirakı ilə nəzərdə tutulub.
- İcraiyyə Komitəsinin də iclası keçiriləcək. Həmin iclasda komanda sayının 10-a qaldırılması ilə bağlı qərar verilə bilərmi?
- Yox desəm yalan olar. Hə desəm də yalan olar. İcraiyyə Komitəsi hansısa qərar qəbul edə bilər. Ola bilər ki, elə bir şey olsun. Son qərarı komitə verəcək.
- "Xəzər" klubunun təqdim etdiyi sənədlərdə ev stadionu kimi hansı arena göstərilib?
- Klublarla bağlı məlumat verə bilmərəm. Məxfilik məsələsinə görə açıqlamaq istəmirəm.
- Bu komandanın əsas liqada iştirakında hansısa problem varmı? Ola bilərmi "Xəzər" hansısa bölgəni təmsil etsin?.
- Belə sualları cavablandıra bilmirəm. Klubun lisenziyalaşdırılması ilə baağlı heç nə deyə bilmirəm.
- Premyer Liqaya yüksələn klubların Bakını təmsil etməsi daha uğurlu olar, yoxsa bölgələri?
- Futbol federasiyası olaqraq çempionatda daha çox komandanın olmasının tərəfdarıyıq. Nə qədər çox peşəkar komanda olsa o qədər yaxşı olar.
- "Kəpəz"də reqlamentə görə Premyer Liqanı tərk etməlidir. Çempionatda çıxış edəcək bölgə komandası yoxdur...
- Bizim üçün əsas məsələ klubun premyer liqada oynamağa peşəkar yanaşmasıdır. Biz istəmirik ki, hansısa klub 10-cu turdan sonra çempionatı tərk etsin. Belə hal baş verib. Bu həm federasiyaya, həmn də ölkə futboluna zərbədir. Əsas məqsədimiz odur ki, yeni gələn komanda çempionata ciddi yanaşsın.