"Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və "Het-trik news" qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Respublika günü" turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, finalda U-15 Liqasının son çempionu "Vətən"lə bürünc mükafatçı "Keşlə" üz-üzə gəlib. "Bayıl Arena"da keçirilmiş qarşılaşmada "Keşlə" 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Bu oyundan bir qədər əvvəl isə 3-cü yer uğrunda oyunda "Səbail" "Neftçi"dən üstün olub – 3:2.
Münsiflər heyətinin rəyinə əsasən Kamran Şabıyev ("Vətən") "ən yaxşı qapıçı", Cəlal Hüseynov ("Zirə") "ən yaxşı müdafiəçi", Elvin Abdullayev ("Vətən") "ən yaxşı yarımmüdafiəçi", Vaqif Həsənov ("Keşlə") "ən yaxşı hücumçu", Rauf Ağasənov ("Səbail") "ən sərrast futbolçu", Nihat Həsənzadə ("Neftçi") "fair-play", Əbil Əbilov ("Keşlə") "ən yaxşı futbolçu" mükafatlarına layiq görülüblər.
Turnir başa çatdıqdan sonra AFFA və Təhsil Nazirliyinin nümayəndələrinin, veteran futbolçuların iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Laureatlar qiymətli hədiyyələrlə, qalib komandalar isə kubok və diplomlarla təltif olunublar. Mərasimdə həmçinin, "Het-trik news" qəzetinin apardığı sorğuya əsasən, U-15 Liqasının ən yaxşı futbolçusu seçilmiş Kamal Kazımova ("Qəbələ") da mükafat təqdim edilib.