"Neftçi"nin legionerləri Lukas Qomes və Mayk Kampaz komandanın bugünkü səhər məşqinə buraxılmayıb. Sportnet.az xəbər verir ki, bu barədə Qomes şəxsi "Instagram" hesabında paylaşım edib.
Kampasla birgə fotosunu paylaşan forvard bu gün klubun təlim-məşq bazasına gəldiklərini ancaq qapıdan içəri buraxılmadıqlarını bildirib: "Bu gün digər futbolçularla birgə klubun bazasına getdik. Ancaq Mayk Kampasla məni içəri buraxmadılar. Bizə əvvəlcədən bununla bağlı heç nə deyilməmişdi. Peşəkar futbolçu olaraq öz haqlarımızı qorumalıyıq. Klubdan dekabradək davam edən müqavilənin şərtlərinə əməl etməyi tələb edirik".
Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə Sportnet.az-a açıqlamasında bildirib ki, komandanın məşqi saat 10:00-da başlayıb. Həmin futbolçular isə bazaya 10-dan sonra gəliblər: "Hazırda isə bazada heç kim yoxdur. Komanda səhər məşqindən sonra istirahətə buraxılıb və sabah Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".
"Neftçi" rəsmisi Qomes və Kampazla yollarını ayırmaq istədiklərini də əlavə edib: "Onlara və menecerlərinə rəsmən bildirilib ki, gələn mövsüm üçün komandada düşünülmürlər. Hazırda hər iki futbolçunun müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar gedir. Onlar bu məsələdən agahdırlar. Mövsüm başa çatandan sonra bununla bağlı həm futbolçuların özləri, həm də menecerləri ilə danışıqlar aparırıq. Onlarla razılıq əldə etmək, müqavilələrinə xitam vermək istəyirik. Danışıqlar dövründə bir neçə dəfə razılığa gəlsək də, sonra razılaşmayıblar. Hüquqşünasımız futbolçuların menecerləri ilə danışıqları davam etdirir. Yaxın günlərdə razılıq əldə edib, müqavilələrinə xitam verəcəklərini düşünürük".
Qeyd edək ki, "Neftçi"yə qışda cəlb olunan Lukas Qomes və Mayk Kampazla 1 illik müqavilə bağlanılıb.