
Topaz Premyer Liqasının ötən mövsümündə ən çox qayda pozuntusuna yol verən komanda AZAL olub. Sportnet.az–ın Peşəkar Premyer Liqasının rəsmi saytına istinadən məlumatına görə, "təyyarəçilər” orta hesabla hər oyunda 20 qayda pozuntusuna yol verib.
Bunların yarısı meydanın özünə aid hissəsində baş verib. Mövsümdə 102 sarı vərəqə alan AZAL futbolçuları bu göstəricidə ilk pillədə qərarlaşıb. Oyunboyu ən az qayda pozuntusuna yol verən komandalar isə (hərəyə orta hesabla 15 dəfə) "Neftçi”, "Sumqayıt” və "İnter”dir.
"Neftçi” futbolçuları mövsüm ərzində 13 qırmızı vərəqə alıb. Bu, digər komandalarla müqayisədə ən yüksək göstəricidir. Ölkə çempionu "Qarabağ”ın futbolçuları isə ən aşağı sarı və qırmızı vərəqə göstəricisinə malikdirlər. 61 dəfə sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisinin oyunçuları mövsüm ərzində bir dənə də qırmızı vərəqə almayıb.