"Hazırlıq çərçivəsində ikinci oyunumuzu "Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq". Sportnet.az-ın məlumatına görə, bunu klubun rəsmi saytına açıqlamasında "Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis yoxlama matçı barədə fikirlərini bölüşüb: "Qaradağ Lökbatan”la oyunda olduğu kimi, bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan 2 futbolçunu meydana buraxdım. Sonradan daha 4 gənc oyunçuya şans verdim. Bu futbolçular "Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər”.
Qeyd edək ki, "Neftçi" - "Bakı" oyunu 0:0 hesabı ilə başa çatıb.