İspaniyanın "Sevilya" klubunun Avropa Liqasının II təsnifat mərhələsinə hazırlıq planı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, əndəlüslülər "Neftçi" və ya Macarıstan "Uypeşt"i ilə oyunadək 3 matça çıxacaqlar. İyulun 14-də rəqib İngiltərə "Bornmut"u, iyulun 17-də "Mursiya" olacaq. Oyunlar Mursiya şəhərində olacaq.
Bundan başqa "Sevilya" Beynəlxalq Çempionlar Kubokunda mübarizə aparacaq. İspaniya təmsilçisi iyulun 21-də İsveçrənin Sürix şəhərində Portuqaliya "Benfika"sı, avqustun 4-də İsveçin paytaxtı Stokholmda İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq. Bu görüşlərdən birincisi Avroliqa matçı ərəfəsinə təsadüf edəcək.
Qeyd edək ki, "Sevilya" "Neftçi" - "Uypeşt" matçının qalibi ilə ilk görüşünü iyulun 26-da doğma "Roman Sançes Pisxuan" stadionunda, cavab matçını avqustun 2-də səfərdə keçirəcək.















































































