"Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaqları Lüksemburq "Proqres”i ilə matç barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, Qurbanov doğma meydanda keçirilən ilk oyun barədə də danışıb: "Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi. Öz meydanımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. "Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”.
Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də fikirlərini söyləyib: "Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Vojislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdir”.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Lüksemburq "Proqres"i ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlanacaq. Bu komandalar arasındakı ilk matçda "Qəbələ" doğma meydanda 0:2 hesabı ilə məğlub olub.