"Dəfələrlə demişəm: Klub futbolumuz inkişaf etməlidir ki, ölkə futbolunun, o cümlədən, bütün milli komandaların reytinqi qalxsın. Bunun üçün klublarımızın tam yaxşı formalaşması vacibdir. "Qarabağ", "Qəbələ" və "Neftçi"nin avrokubokların qrup mərhələsinə vəsiqə qazandıqlarını nümunə göstərərək, klublarımızın uğurla çıxış etdiklərini hər nə qədər desək də, bu mövsüm fərqli oldu. Avropa Liqasında heç bir klubumuz mərhələ keçə, "Qarabağ" isə Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilmədi. Bu, Azərbaycan futbolu üçün bir siqnaldır".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ" klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov "Real TV"yə müsahibəsində deyib. 46 yaşlı mütəxəssisin fikrincə, avrokuboklardakı uğursuzluq ölkə futbolunun gələcək inkişafı baxımından bir addım ola bilər: "Klublarımız yaxşı inkişaf etməsə, futbolçunun inkişaf etməsi qeyri-mümkündür. Biz öz işimizlə bəzi futbolçuları məcbur etməliyik ki, inkişaf etsinlər. Bu isə hər bir klubun işinin daha da yaxşılaşması, hər bir komandanın səviyyəsinin daha da yüksəlməsi, klublara güclü legionerlərin cəlb edilməsi hesabına mümkün ola bilər. 4-5 il əvvəl futbolçularımızın inkişafı yaxşılaşırdı. Bu da həmin vaxt klublarımızın güclü olmalarından irəli gəlirdi. Lakin son illər çempionatımızın keyfiyyəti aşağı düşdüyündən, futbolçularımızın da oyun keyfiyyətində eniş baş verib. Buna görə də yaxşı futbolçuların sayı çox olmalıdır".
Baş məşqçi bildirib ki, "Qarabağ"la digər klublar arasında uçurumun olması fikrini demək düzgün deyil: "Çünki belə vəziyyətdə də bizim çox ağır, çətin oyunlarımız olub. Digər ölkələrin çempionatlarına baxsaq, böyük klublarla digərləri arasında bir neçə il ciddi fərq görünür. Amma sonradan hamı o çempionata uyğunlaşır və demək olar ki, eyni səviyyəyə çatırlar. Sadəcə, nəticə vermək baxımından keyfiyyət aşağı düşür".