"Bu yoxlama oyunu inkişaf baxımından bizim üçün çox vacib idi. Çempionatda yaranan fasilə dövrü üçün məşq prosesi, oyun, ardınca hazırlıq və 2-ci yoxlama görüşündən ibarət proqram qurmuşduq. MOİK-lə ilk sınaq matçında demək olar ideal futbol oynamışdıq. Həm gənclər, həm də təcrübəli futbolçuların çıxışından razı qalmışdım. Bu dəfə ikinci hissədəki oyun məmnun qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Zirə"yə 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc mütəxəssis bildirib ki, futbolçuların daha hərəkətli olması, pressinq etməsi və top saxlamasına dair tələbləri fasilədən sonra yerinə yetirilib: "Ümumilikdə yaxşı ikinci hissə izlədik. Oyundan sonra futbolçulara bir günlük istirahət verib, sonra hazırlıqlara davam edəcəyik”.
9 futbolçusu müxtəlif yığmaların heyətində olan "Qəbələ”nin əsas komandasına U-19-un bəzi üzvləri də cəlb olunub. Qurbanov gənc oyunçuların yoxlama matçlarındakı çıxışını da dəyərləndirib: "9 futbolçumuzun müxtəlif milli komandalarda olması bizim üçün fəxrdir. Hazırlıq prosesinə gənc oyunçuları cəlb etdik. Onları yoxlama matçlarında da sınamaq imkanımız yarandı. Çox yaxşı məlumat topladıq. MOİK-lə qarşılaşmada gənc futbolçular yaxşı təsir bağışladı. Bugünkü görüşdə də özünü yaxşı tərəfdən göstərən oyunçular oldu. Belə davam etsələr, onların bəziləri əsas heyətdə yer almağa başlayacaq”.