"Növbəti oyun və növbəti 3 xal. Çətin oyun oldu. Təxirə salınmış qarşılaşmada qələbə qazanaraq, "Neftçi" ilə xallarımızı bərabərləşdirdik. Məqsədimiz eyni xətlə yolumuza davam etməkdir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Miçel "Zirə"ni 3:2 hesabı ilə yendikləri Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, zədə üzündən bir ayadək kənarda qalması çıxışlarına təsirsiz ötüşməyib: "Yenidən oynamağa başlayıram. Baş məşqçi mənə bu imkanı yaradır. Ötən mövsüm Çempionlar Liqasında İspaniya "Atletiko"suna qol vurmuşdumsa, yenidən fərqlənmək fikri ilə yaşaya bilmərəm. Əsas odur ki, komandama istənilən vasitə ilə - həm müdafiə, həm yarımmüdafiə xətlərində, həm də məhsuldar ötürmələrlə kömək edim. Qol vursam, lap mükəmməl olar. Qalır öz üzərimdə çalışmaq".
Miçel bir müddət əvvəl aldığı zədənin xüsusiyyətindən də danışıb: "Bu, elə bir zədədir ki, məndə əvvəllər də olub. Qarın əzələlərimlə əlaqədar çox incə, qəliz zədədir. Buna görə ehtiyatlı olmağım lazımdır. Hər şey gedişatdan asılıdır".
Təcrübəli oyunçu oktyabrın 4-də İngiltərə "Arsenal"ı ilə keçirəcəkləri Avropa Liqasının II tur matçında "Nəzərə almalıyıq ki, rəqib "Arsenal"dır, hər il Çempionlar Liqasında görməyə alışdığımız komandadır. Heç-heçə olsa belə, bunu müsbət qarşılamaq lazımdır. Lakin biz evdə keçirdiyimiz bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Bu dəfə də istisna olmayacaq. Qələbə olarsa, lap əla! Lakin heç-heçəni də müsbət qarşılayacağıq".