İngiltərənin "Arsenal" klubunun 11 oyunluq qələbə seriyasına son qoyulub.
Sportnet.az-ın məlumatına görə, "topçular" "Kristal Pelas"la səfər matçında 2:2 hesablı heç-heçə ilə kifayətlənib. Meydan sahiblərinin hər iki qolunu penaltidən Luka Milivoyeviç vurub. O, 45+1 və 83-cü dəqiqələrdə fərqlənib. Qonaqların qollarını isə 51-ci dəqiqədə Qranit Caka, 56-cı dəqiqədə Pyer-Emerik Obameyanq vurub.
Bu heç-heçədən sonra "Arsenal" xallarını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Kristal Pelas" isə 8 xalla 14-cüdür. Turnir cədvəlinə 26 xala malik "Liverpul" başçılıq edir. Turu "Börnli" üzərində 4:0 hesablı səfər qələbəsi ilə başa vuran "Çelsi" 24 xalla 2-ci pillədə qərarlaşıb. "Zadəganlar"ın qollarına 22-ci dəqiqədə Alvaro Morata, 57-ci dəqiqədə Ross Barkli, 62-ci dəqiqədə Villian, 90+2-ci dəqiqədə Ruben Loftus-Çik
Saat 24:00-da başlanacaq qarşılaşmada "Mançester Siti" səfərdə "Tottenhem"ə qalib gəlməsə, "Liverpul"la xallarını bərabərləşdirə bilməyəcək. "Tottenhem" isə hazırda 21 xalla 5-ci yerdə gedir.
"Mançester Yunayted" isə "Everton"a 2:1 hesabı ilə qalib gəlib. "Qırmızı şeytanlar"ın qollarını 27-ci dəqiqədə Pol Poqba, 49-cu dəqiqədə Antoni Marsial vurub. "Everton"dan isə Gilfi Siqurdsson fərqlənib.
Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında oktyabrın 4-də Bakıda keçirilmiş görüşdə "topçular" qələbə qazanıb - 3:0. Londondakı qarşılaşma dekabrın 13-də keçiriləcək.