1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Necə cəzalandırıldığını futbolçumuz daha yaxşı bilir"
"Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin də suallarını cavablandırıb...
- Son dəqiqələrdə Dani Kintananı meydana buraxdınız. Onu Poltavada "Vorskla" ilə görüşdə də görə bilərik?
- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra "18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.
- Uğursuzluq seriyasına bu arenada son qoydunuz. Oyunun gedişində düşünmədiniz ki, kaş avrokubok matçlarını da burada keçirəydik?
- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burada kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss etsinlər. Bura bəlkə daha çox öyrəşiblər. Gələn il bir qərar qəbul edərik. Demirəm ki, burada oynasaydıq fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.
- "Neftçi”ni keçə bilərsiniz?
- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunlarımız var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda "Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.
- Bu gün heyəti Poltavadakı matçı düşünərək qurdunuz?
- Xeyr, daha çox bugünkü oyunu düşünərək.
- "Neftçi” ilə oyundan sonra demişdiniz ki, çempionluqdan yorulduğunuza dair söz-söhbət gəzir. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, "Qarabağ” geri çəkilib, "Neftçi” çempion olacaq...
- Xeyr, belə bir şey yoxdur. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdur. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik: nə siz, nə mən. Bizim neçə illərdir məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdır.
- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...
- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Onlar "Qarabağ”dan gözləməyib, kimdən gözləməlidir? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. Yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.
- Donald Gerryenin düşərgəyə gec döndüyü üçün cəzalandırıldığı deyilir. Bu, doğrudur?
- Klubdaxili məsələdir. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Kodekslə tanış olurlar və söz deməyə nəsə olmur.
- Gərginlikdən danışdınız. Amma bu gün meydanda daha rahat görünürdünüz. Bəlkə bu stadion sizə düşür?
- Düşər-düşməzi barədə heç vaxt fikirləşmirəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burada oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidir. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Bakı Olimpiya Stadionu gözəl arenadır. "Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdilər. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş "Tofiq Bəhramov”da olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdır. Tələb etmək azarkeşin, mətbuatın borcudur. Biz də bunu normal qəbul edirik.