Bu gün Ukrayna Premyer Liqasında "Lvov" və "Vorskla" komandaları arasında keçiriləcək XIV turun oyununu çempionat tarixində ilk dəfə tamamilə qadınlardan ibarət hakimlər briqadası idarə edəcək.
Sportnet.az xəbər verir ki, xarkovlu baş hakim Katerina Monzula sumılı Marina Streletskaya və kiyevli Aleksandra Ardaşeva yan xətt hakimləri kimi yardımçı olacaqlar. Laynsmanlar ilk dəfə Premyer Liqa səviyyəsində oyuna təyinat alıblar. Dördüncü hakim funksiyasını isə İvano-Frankovskdan olan Anastasiya Romanyuk yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Bunadək Ukrayna Premyer Liqası qarşılaşmalarında hakimlər briqadasının tərkibi maksimum 2 qadından ibarət olub. 2016-cı ildə Monzulun köməkçisi qismində 3 dəfə Natalya Raçinskaya yer alıb. Lakin o, artıq karyerasını başa vurub.
"Vorskla" növbəti görüşünü Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı keçirəcək. Noyabrın 8-də Aleksey Butovski adına stadionda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Qeyd edək ki, ötən gün "Lvov" və "Vorskla"nın əvəzedici heyətləri arasındakı görüşü də tərkibi tamamilə qadınlardan - Anastasiya Romanyuk, Svetlana Qruşko və İrina Petrovadan ibarət hakimlər briqadası idarə edib. Görüş poltavalıların 3:2 hesablı qələbəsi, 7 sarı vərəqə və lvovluların lehinə penalti ilə əlamətdar olub.