Azərbaycan yığması UEFA Millətlər Liqasında V tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Farer adaları millisi olub. Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 18-ci dəqiqədə Dmitri Nazarov açıb. Onun uzaqdan zərbəsindən sonra top qonaq komandanın müdafiəçisinə dəyərək, istiqamətini tora doğru dəyişib. Lakin qol Nazarovun aktivinə yazılıb. Bu, Almaniya "Aue"sində çıxış edən yarımmüdafiəçinin Millətlər Liqasında 2-ci qolu olub.
Növbəti qolu isə bundan 10 dəqiqə sonra Mahir Mədətov vurub. Gənc forvard da uzaqdan zərbə ilə fərqlənib.
İkinci hissə Azərbaycan millisinin heyətində məcburi əvəzləmələrlə yadda qalıb. Qapıçı və kapitan 46-cı dəqiqədə yerini Səlahət Ağayevə verib, Pavel Paşayevi isə 71-ci dəqidədə Rahil Məmmədov əvəzləyib. Son dəyişiklik isə 78-ci dəqiqədə gerçəkləşib. Rüfət Dadaşovun yerinə meydana çıxan Mirabdulla Abbasov millidə debüt edib.
Beləliklə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda qrupda ikinci qələbəsini də Farer adaları üzərində qazanıb. Bu komandaların 12 oktyabr qarşılaşmasında Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlmişdi. V turun digər görüşündə Kosovo səfərdə Maltanı 5:0 hesabı ilə yenərək, 3-cü qrupda 11 xalla liderliyini davam etdirib. 9 xala malik Azərbaycan yığması qrup qalibi olmaq üçün son turda səfərdə Kosovoya qalib gəlməlidir. Farer adaları 4 xalla 3-cü, Kosovo 2 xalla sonuncu yerdə gedir.
-----------------------------
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb. Oktyabrın 12-də Torshavnda baş tutmuş görüşdə Riçard Almeyda dubl etdiyi halda, Dimitri Nazarov bir qol vurub.
Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadırlar. Hazırda 3-cü qrupun lideri 8 xala malik Kosovodur. İkinci yerdəki Azərbaycanın 6, son sıradakı Maltanın 2 xalı var. Bu gün Azərbaycan evdə xal itirərsə, Kosovo səfərdə Maltaya qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər. Ona görə də milli Bakıda mütləq qalib gəlməli, 1-ci yerin taleyini Kosovo ilə səfər oyununa saxlamalıdır.
Farer adalarının baş məşqçisi Lars Olsen artıq start heyətini açıqlayıb:
Farer adaları (3-4-3): Qunnar Nilsen, Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad, Gilli Rolantsson Sörensen, Hallur Hansson, Roqvi Baldvinsson, Vilyormur Davidsen, Sölvi Vatnhamar, Brandur Hendriksson Olsen, Klemint Andrasson Olsen.
Qurbanov isə son 2 oyunda eyni "11-liy”ə üstünlük verib:
Azərbaycan (4-2-3-1): Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Pavlo Paşayev, Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Mahir Mədətov, Dmitri Nazarov, Rüfət Dadaşov.
Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər iki dəfə qarşılaşıblar. Milli son dueldə olduğu kimi, 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurbanov qoyub.
Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi "Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur”u səfər qolu ilə mübarizədən kənarlaşdırıb - 0:0, 1:1.
Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.
UEFA Millətlər Liqası
D Liqası, III qrup
V tur
21:00. Azərbaycan - Farer adaları - 2:0
Qollar: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu.