"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov 2018-ci ilin ən yaxşı məşqçisi kimi mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda qalib olub.
Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov son 10 ildə 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. "Fairmont" otelində təşkil olunmuş tədbirdə mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib.
Q.Qurbanov çıxışında ona səs verənlərə təşəkkürünü bildirib. Təcrübəli mütəxəssis ilin məşqçisi mükafatının onu daha məsuliyyətli olmağa sövq etdiyini vurğulayıb. Baş məşqçi 2019-cu ildə futbolda daha böyük inkişafın gedəcəyini və seçim üçün namizəd baş məşqçilərin sayının çoxalacağını vurğulayıb: "Son vaxtlar ümidsizəm, amma inanıram ki, buna nail olacağıq. Biz öz işimizdə dəqiq olmalıyıq. Kənardan məşqçi işi asan görünə bilər. Amma mən görürəm ki, jurnalistika işi heç də asan deyil. Futbol cameəsi daim bir olmalıdır ki, bizim kimi kiçik futbol ailəsinin inkişafı daha sürətlə getsin. Hər birinizə gələn il daha böyük uğurlar arzulayıram".