"Yuventus" klubunun İtaliya A Seriyasında 8 oyunluq qələbə seriyası başa çatıb.
Sportnet.az xəbər verir ki, uğurlu seriya "Atalanta" ilə səfər matçında qırılıb - 2:2. Berqamo şəhərindəki "Atleti Adzurri" stadionunda təşkil olunmuş qarşılaşmada "Qoca Sinyora" məğlubiyyətdən qurtulub. Xilaskar rolunu isə Kriştianu Ronaldu oynayıb. O, meydana girdikdən 13 dəqiqə sonra - 78-ci dəqiqədə oyunda son nöqtəni qoyub. "Yuve" bu heç-heçəyə 53-cü dəqiqədə Rodriqo Bentankurun qırmızı vərəqə alması səbəbindən azlıqda nail olub. Meydan sahiblərinin qollarını 24-cü və 56-cı dəqiqələrdə Duvan Sapata vurub. Hesabı isə 2-ci dəqiqədə "Atalanta"nın topu öz qapısına göndərən futbolçusu Berat Cimsiti açıb.
Bu heç-heçədən sonra xallarını 50-yə çatdıran "Yuventus" liderliyini davam etdirir.