“Oyunun əlverişsiz hava şəraitinə görə təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan “Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi. Sevindirici haldır ki, bugünkü qarşılaşma baş tutdu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyənin Antalya bölgəsində Macarıstan MTK-sını 3:2 hesabı ilə yendikləri son yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis bildirib ki, futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır: "Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan matçdan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.
Qurbanov mövsümün ikinci yarısının hazırlıqlarını da dəyərləndirib: “Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. “Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası, toplanışı zədəsiz başa vurduq. Fevralın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır”.