"Mən işlədiyim yerlərdə heç vaxt belə şey ola bilməz ki, kimisə gətirsinlər və "bunu oynat" desinlər".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə" klubunun baş məşqçisi Samir Abasov deyib. 41 yaşlı mütəxəssis bildirib ki, indiyədək rəhbərlik etdiyi komandalara futbolçular özünün istəyilə cəlb olunub: "Çalışdığım komandalara futbolçular mən istəmişəm deyə gəliblər. Burada başqa söhbət də ola bilməz".
Abasov xahişlə futbolçu götürən baş məşqçilərdən olmadığını da vurğulayıb: "Bilmirəm ki, sizə başqa komandalar barədə necə informasiyalar çatır. Bəlkə də, başqa komandalar barədə nələrsə, eşitmisiz və bilirsiniz. Bəlkə hansısa baş məşqçiyə gətirib oyunçu soxurlar ki, bu, oynamalıdır. Amma mənim işlədiyim komandalarda belə şey ola bilməz!"
Qeyd edək ki, "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Sportnet.az-a açıqlamasında vaxtilə AZAL-a rəhbərlik etdiyi vaxt Vaqif Cavadovun komandaya xahişlə gəldiyini bildirib.