
"Əvvəldən də düşündüyümüz kimi gərgin oyun alındı. Azarkeşlər üçün maraqlı və sürətli oyun oldu. Fasilədən sonra ilk görüş olmağına baxmayaraq, hər iki komanda çalışdı ki, keyfiyyətli oyun göstərsin. Ümumən baxımlı görüş idi. Çalıdıq ki, aradakı xal fərqini qapadaq, ancaq olmadı. Demək olar ki, "Neftçi" istədiyi nəticəni əldə hetdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib. Sadıqov digər sualları da cavablandırıb...
- Heç-heçəyə layiq oyun idi?
- Elə epizod var idi ki, biz fərqlənə bilərdik, elə vəziyyət də oldu ki, rəqib qola yaxın oldu. Ümumilikdə, bərabərliyi ədalətli nəticə saymaq olar.
- Oyundan əvvəlki açıqlamanızda bildirmişdiniz ki, psixoloji üstünlük rəqibin tərəfindədi. Bu, meydanda əks olundumu?
- Hiss olunurdu, "Neftçi" daha rahat oynayırdı. Biz də yaxşı başlamışdıq matça, ancaq buraxdığımız ucuz qoldan sonra komanda ruhdan düşdü. İkinci hissədə isə açıq oyun getdi. Anton qırmızı aldıqdan sonra tam üstünlük bizim tərəfimizə keçdi.
- 10 nəfər qalan rəqibə qarşı meydanda azca üstünlüyünüz olsa da, bu, hesabda əksini tapmadı...
- Alınmadı. Belə oldu.