
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo Rusiyada Qitə Hokkey Liqasının "Avanqard" - OİK matçının xüsusi qonağı olub.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis görüşdən əvvəl şaybanın simvolik atışını yerinə yetirib. Bundan sonra Mourinyo xalça cığırı üzərində müvazinətini saxlaya bilməyərək buzun üstünə yıxılıb. Ona ayağa qalxmaqda oyunçular kömək ediblər.
Qeyd edək ki, Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçi postundan 2018-ci ilin dekabrında ayrılıb. O, Portuqaliyanın "Portu", İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və İngiltərənin "Çelsi" klublarında da çalışıb. 55 yaşlı mütəxəssis daxili və beynəlxalq yarışlarda 25 müxtəlif mükafatın sahibi, 2 dəfə Çempionlar Liqasının qalibidir.