Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləri İspaniyadakı təlim-məşq toplanışında üçüncü yoxlama matçındakı Şotlandiyaya 0:2 hesablı məğlubiyyəti şərh ediblər. Sportnet.az-ın məlumatına görə, oyunçular 20-ci dəqiqədə azlıqda qalmalarının nəticəyə təsirsiz ötüşmədiyini vurğulayıblar.
Tural Bayramov bildirib ki, qırmızı vərəqə epizodunadək hər şey qaydasında olub. O, baş hakimin şotlandiyalı futbolçuların təxribatçı hərəkətlərinə göz yumduğunu deyib: "Rəqib futbolçular oyun ərzində bizi təxribata çəkirdilər. Təəssüf ki, baş hakim buna göz yumurdu, düzgün qərarlar vermirdi. Hər kiçik toxunuşumuza görə bizə xəbərdalıq edirdi. Azlıqda qalmağımız oyun planlarımızı dəyişməyimizə səbəb oldu. Hücum qurmaqda çəkinlik çəkirdik. Çox güc itirdik".
"Qarabağ"da çıxış edən yarımmüdafiəçi Avropa çempionatının elit-raunduna hazırlıqdan da danışıb: "Komanda olaraq müsbət və mənfi cəhətlərimizi bilirik. Avropa çempionatının elit-raund mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Çətin olacaq, amma inanıram ki, qrupdan çıxacağıq”.
Ağdam komandasının daha bir oyunçusu - qapıçı Nicat Mehbalıyev də azlıqda qalmalarının təsirindən danışıb: “Çətin oyun oldu. Şotlandiyanın necə komanda olmağı hamıya məlumdur. Tipik İngilis futbolu oynayırlar. Cinahlardan təşkil etdikləri hücumlarla daha təhlükəli olurdular. Bir nəfər azlıqda qaldığımızdan uşaqlar bəzən mövqe səhvləri edirdilər. Nəticədə fasilədən sonra təzyiqi bir qədər də artırıb qol vurmağı bacardılar. Buna baxmayaq, komanda yoldaşlarımın zəhmətini yüksək qiymətləndirirəm. Həqiqətən layiqli mübarizə apardılar. 10 nəfərlə Şotlandiya kimi komandaya qarşı oynamaq çətindir. Bir sözlə, səviyyə fərqi özünü büruzə verdi”.
Milliyə "Qəbələ"dən dəvət almış müdafiəçi Vüsal Məsimov isə bildirib ki, azlıqda qalmasaydılar, qalib gələcəkdilər: “Güclü futbolçulardan təşkil olunmuş komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik. Rəqibi meydanın onlara aid hissəsinə sıxmışdıq. Sadəcə 20-ci dəqiqədə qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Belə olan halda daha çox qaçdıq, mübarizə apardıq. Bizim üçün yaxşı bir təcrübə oldu. Azlıqda qalmasaydıq qələbə qazana bilərdik. Çalışacağıq ki, bu oyunlarda buraxdığımız səhvləri elit-raundda təkrarlamayaq və daha yaxşı nəticələr qazanaq. Təbii ki, əsas məqsədimiz elit-raund mərhələsini adlamaqdır”.
Qeyd edək ki, Şotlandiya ilə qarşılaşmada qırmızı vərəqəni U-19-a "Qarabağ"dan dəvət almış müdafiəçi Rauf Hüseynli alıb.