Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının futbolçusu Nino Qurgenidze ağır xəstəliyə düçar düçar olub.
Sportnet.az-ın məlumatına görə, Gürcüstanın "Martve" (Kutaisi) klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçinin xaricdə müalicəsi üçün böyük məbləğdə vəsait lazım gəlib. Nəticədə yaxınları həmin pulu toplamağa başladıqlarına dair elan veriblər.
Bundan xəbər tutan Gürcüstan millisinin futbolçusu Cano Ananidze Qurgenidzenin müalicəsini maliyyələşdirib və tələb olunan məbləği köçürüb. Həmyerliləri sosial şəbəkələrdə Ananidzeyə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır. Cano Ananidze isə Rusiya "Spartak"ının yetirməsi olsa da, hazırda icarə əsasında "Krılya Sovetov"da çıxış edir. O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovun komanda yoldaşıdır.