"Üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olduq. Onlardan üzr istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə rəqib yaxşı təsir bağışlasa da, fasilədən sonra üstünlük "Sumqayıt"da olub: "Təslim olmaq olmaz. Futbolçularıma da bildirdim ki, bu durumdan çıxmaq üçün çox çalışmalıyıq. Çalışmaq yaşa baxmır. Elvin Məmmədov qışdan sonra ilk dəfə start heyətində yer almışdı. Yəni, məsələ yaşda deyil. Oyun baxımından rəqiblərdən aşağı deyilik. Amma real danışaq, qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindir. Seçim imkanımız azdır".
Abbasov onu da vurğulayıb ki, qış fasiləsindən sonra ardıcıl 4 məğlubiyyətə baxmayaraq, təslim olmaq fikrində deyil: "Bura gələndə hansı yükün altına girdiyimi bilirdim. İnanmasaydım, gəlməzdim. Məşqçiliyə təzə başlamışam. Elə böyük bir imicim də yoxdur. Alınmasa, etiraf etməyə utanmayacağam da. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dır, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdur. Mən "Sumqayıt" klubuna gəlmişəm".