
"Neftçi"nin futbolçusu Baqali Dabonun "Səbail"ə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra sosial şəbəkədəki paylaşımı birmənalı qarşılanmayıb.
Sportnet.az-ın məlumatına görə, fransalı hücumçunun "Instagram" səhifəsində şənlik məclisindən görüntülər yerləşdirməsinə "Forza Neftçi" fan-klubu etirazını bildirib. Fan-klub rəhbəri Sübhan Əliyev Dabonun məğlubiyyətlə yekunlaşan matçdan sonra içki məclisindən video paylaşmasından narazılıq edib. O, təcrübəli forvardın komandadan qovulmasını istəyib.
Amma araşdırmadan sonra məlum olub ki, bu görüntülər əslində Dabonun həyat yoldaşına məxsusdur. Futbolçu isə onu öz səhifəsində də yerləşdirib. Lakin sonradan 31 yaşlı hücumçu həmin videonu səhifəsindən silib.
Qeyd edək ki, Baqali Dabo "Səbail" komandası ilə qarşılaşmada "Neftçi"nin yeganə qolunun müəllifi olub. O, hazırda 8 topla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiridir.