
Donetsk "Şaxtyor"unun braziliyalı futbolçusu Junior Moraes Ukrayna vətəndaşlığı alıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı ölkə prezidenti Petro Poroşenko sərəncam imzalayıb. 31 yaşlı hücumçu Ukrayna Premyer Liqasında 2012-ci ildən çıxış edir. O, Donetsk "Metallurq"u və Kiyev "Dinamo"sunun formasını geyinib. Bu mövsüm Moraes çempionatın 21 oyununda 16 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Hazırda o, bombardirlər siyahısında liderdir.
Moraes yanvarın 26-da Türkiyənin Antalya bölgəsində "Şaxtyor"un "Qarabağ"ı 3:1 hesabı ilə yendiyi yoxlama oyununda da qollardan birinin müəllifi olub.
İtaliya "Latsio"sunun müdafiəçisi Luis Felipe isə İtaliyanın U-21 yığmasından aldığı dəvəti rədd edib. O, komandanın baş məşqçisi Luidi Di Byacoya Braziliya millisində çıxış etmək istədiyini bildirib. 21 yaşlı oyunçu İtaliya vətəndaşlığını 2016-cı ildə almışdı.