
Aprelin 23-də Azərbaycan Kubokunun yarımfinal matçında üz-üzə gələcək "Qəbələ" və "Qarabağ" komandaları 52-ci dəfə qarşılaşacaqlar.
Sportnet.az-ın məlumatına görə, tarixində 7-ci dəfə yarımfinalda mübarizə aparan “qırmızı-qaralar” üç mövsümdə - bu mərhələni uğurla adlayıb. Ardıcıl 4-cü dəfə yarımfinal oynayacaq komanda son iki mövsümdə finala yüksəlməyə nail olub.
Ağdam təmsilçisi ilə görüşlərdə 11 dəfə qalib gələn “Qəbələ” 17 heç-heçə edib və 23 dəfə uduzub. Rəqib qapısına 45 qol vuran əyalət komandası 66 top buraxıb. Əvvəlki 51 oyundan 44-ü Premyer Liqa çərçivəsində keçirilibsə, 7-si Azərbaycan Kubokuna təsadüf edib. 4 dəfə yolları kəsişən rəqiblər 1/4 finalda üç, finalda bir dəfə mübarizə aparıblar. Bu 7 matçdan beşində heç-heçə qeydə alınıb. Hərəyə bir qələbə qazanan komandaların kubok mübarizəsində “Qəbələ” 5, “Qarabağ” 6 qol vurub. Qəbələdəki üç matçın hamısında heç-heçə qeydə alınıb.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.