
Ağdamın "Qarabağ” klubunun Azərbaycan çempionluğunu qazanması münasibətilə tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, mərasimə klubun vitse-prezidenti Tahir Gözəl və komanda üzvlərindən əlavə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, azarkeşlər və jurnalistlər də qatılıb.
Çıxış edənlər "Qarabağ”a təbriklərini ünvanlayaraq, Çempionlar Liqasında uğurlar diləyiblər. Eyni zamanda, onlar növbəti çempionluqları işğal altındakı "İmarət” stadionunda qeyd etməyi arzulayıblar. Bu baxımdan, tanınmış jurnalist Rövşən Binnətlinin çıxışı daha təsirli olub: "Bu komanda ilk dəfə 1993-cü ildə Azərbaycan çempionu oldu. Həmin çempionluqdan sonra Ağdamın böyük hissəsini itirdik. Arzu edirəm ki, 21 il sonra gələn növbəti çempionluqdan sonra işğal altındakı torpaqlarımızı qaytaraq”.
Gözəl isə üzünü azarkeşlərə tutaraq, "Çempionluq kubokunu yaxın günlərdə Ağdama aparacağıq. Bizimlə gedərmisiniz?” deyə soruşub. Fanatlar isə bir ağızdan "Bəli” deyərək, "Qarabağ” lehinə şüarlar səsləndiriblər.
Komandanın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında da uğurla çıxış etməyə çalışacaqlarını bildirib. Qurbanov bütün qonaqlarla, o cümlədən, jurnalistlərlə ayrı-ayrılıqda görüşməyi də unutmayıb.
Ramin Musayev isə klub rəsmisinə xitabən "Bu, bir jurnal idi. Qarşıda Çempionlar Liqası var. Bir az "tərləyin”, "Qarabağ” ölkəmizi yenə layiqincə təmsil etsin” söyləyib. O, vaxtilə "Neftçi”nin vitse-prezidenti olduğu vaxt Qurbanovu ilk dəfə baş məşqçi postuna gətirdiyini xatırladıb: "İndi Qurban müəllim "Qarabağ”ın sükanı arxasındadır. Baş məşqçi karyerasında ilk dəfə çempion olub. Ona transferlərdə kömək edin ki, komandanız avrokuboklarda uduzmasın. Çünki "Qarabağ”ın uğuru həm də siyasi məsələdir”.
Daha bir maraqlı məqam klub rəsmilərinin futbolçularla rəqsləri zamanı diqqətdən yayınmayıb. Azərbaycan musiqilərinin sədaları altında "Qarabağ”ın əcnəbi futbolçuları da oynayıblar.
Qeyd edək ki, "Qarabağ” tarixi ərzində ikinci Azərbaycan çempionluğunu Topaz Premyer Liqasında mövsümün sonuna 2 tur qalmış rəsmiləşdirib.