
Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Zirə" arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.
İlk hissədə "Sumqayıt"ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. "Zirə" isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub - 3:3.
Beləliklə, "Sumqayıt" səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib "Qəbələ" olacaq.
--------------------------
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 37-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel Madeyra vurub. O, uzaqdan zərbə ilə gözəl qola imza atıb - 1:0. Birinci hissə bu hesabla da başa çatıb.
58-ci dəqiqədə isə digər ispaniyalı digər futbolçu Dani Kintana fərqlənib.
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov ikinci hissənin sonlarına yaxın baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılıb. 81-ci dəqiqədə isə qonaqların legioneri Davit Volkov hesab arasındakı fərqi azaldıb. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Əyalət təmsilçisi həlledici matçda "Zirə" - "Sumqayıt" cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş saat 20:00-da başlayacaq.
Bu görüşdən sonra "Qəbələ" sevindiyi vaxt Miçellə Voyislav Stankoviç arasında toqquşma olub. Nəticədə "Qarabağ"ın oyunçusu birbaşa qırmızı vərəqə alıb.
.------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. "Qırmızı-qaralar" ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Lakin cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar - 4:1, 3:1, 2:1 və 2:1. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, 1 dəfə finalda qarşılaşıblar. Bunlardan 3-də “Qarabağ”, 1-də isə “Qəbələ” sevinən tərəf olub.
Digər cavab görüşü isə Zirədə olacaq. Burada qəsəbənin eyniadlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, meydan sahibləri nisbətən üstün durumdadırlar.
Bu kollektivlər arasına cari çempionatdakı 4 görüşdən 3-də “qartallar” qələbə qazanıblar - 0:1, 3:1, 1:0 və 2:0. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.
Qarşılaşma baş məşqçilərin sabiq komandalarına qarşı dueli kimi də əlamətdar olacaq. Ayxan Abbasov baş məşqçi karyerasına “Zirə”də, Samir Abasov isə “Sumqayıt”da start verib. Abbasov cari mövsümdə uğursuzluqlardan sonra postunu tərk edibsə, Abasov ötən çempionatın yekununda öz istəyi ilə vəzifəsindən ayrılıb.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
1 may (çərşənbə)
17:00. “Qarabağ” – “Qəbələ” - 2:1
Qollar: Miçel, 37. Dani Montana, 58. - Davit Volkov, 81
Qırmızı vərəqə: Miçel ("Qarabağ") - oyundan sonra
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1
20:00. “Zirə” – “Sumqayıt” - 3:3
Qollar: Pərdis Fərcad-Azad, 47. Xulio Sezar Rodriqes, 84 - Peyman Babayi, 19; 27; 45
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0
Qeyd edək ki, final oyunu mayın 19-da Naxçıvanda olacaq.