
"Finala bərabər oyun getdi. Hər iki komanda yaxşı mübarizə apardı. İki oyunun nəticəsində sevinən tərəf biz olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Azərbaycan Kubokunda "Zirə" ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri yarımfinal mərhələsinin cavab matçından sonra deyib.
İlk matçda hesab açılmadığından "Sumqayıt" səfər qolu sayəsində finala çıxıb. 31 yaşlı yarımmüdafiəçinin fikrincə, "Zirə" fasilədən sonra ciddi təzyiq göstərib: "İlk yarıda 3 top vurduq, fasilədən sonra rəqib hesabı bərabərləşdirdi. Bunu arxayınlıq yox, "Zirə"nin təzyiqi ilə əlaqələndirərdim. Sonda biz qazandıq. Çox yaxşı oldu".
Ayxan Abasovun baş məşqçi olduğu kollektiv mayın 19-da Naxçıvanda keçiriləcək final oyununda "Qəbələ" ilə qarşılaşacaq. Məmmədov rəqibin daha güclü olduğunu deyib: "Böyük danışmaq istəmirik. Bu dəqiqə "Qəbələ" bizdən güclüdür. Finala layiq oynamağa çalışacağıq. Rəqibin "Qarabağ" yox, "Qəbələ" olması şansımızı artırırmı? Əlbəttə, "Qarabağ" tam başqadır. Amma "Qəbələ" də yaxşı komandadır".