“Avropa Liqası böyük yarışdır. Bütün komandalar qalib olmağa çalışır”.
Sportnet.az-ın məlumatına görə, bunları İngiltərənin “Çelsi” komandasının futbolçusu David Luis UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.
Braziliyalı müdafiəçi klubdan ayrılmaq məsələsi gündəmdə olan baş məşqçi Mauritso Sarriyə dəstək olub: “Sarrinin böyük ürəyi var. Futbol hər gün yeni insanlarla tanış olmaq imkanı yaradır. Hər şey özümüzdən asılıdır. Mövsümə yaxşı başlasaq da, sonra problemlər oldu. Ancaq yekunda iki finala vəsiqə qazandıq. Liqa Kubokunun finalında uduzduq. Sabah da bizim üçün böyük oyundur. Məqsədimiz kuboku götürməkdir. Böyük bir final olacaq. Biz tarix yazmaq istəyirik. Hamı qalib barədə danışacaq”.
David Luis “Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin “Səbail”ə keçidindən də danışıb: “Essyen “Çelsi” üçün əfsanədir. Onunla Azərbaycan haqqında danışmamışam. Bura gəlibsə, demək, bunu lazım bilib”.
Braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində Bakıda qalib gəldikləri oyunu da xatırladıb: “Qarabağ”a 4:0 hesabı ilə qalib gəldik. Bizim üçün düşərli stadiondur. Ümid edirik ki, sabah da belə olacaq”.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.