“Qəbələ” komandası 2019/2020 mövsümünün transfer çalışmalarına start verib.
Sportnet.az xəbər verir ki, klub akademiyasının yetirmələri olan Kamal Mirzəyev və Sadiq Quliyevlə 1 illik müqavilə bağlanılıb.
2012/2013 mövsümündə də “Qəbələ”nin şərəfini qorumuş Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. 25 yaşlı oyunçu 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən Mirzəyevin aktivində 1 qol var. O, Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.
24 yaşlı müdafiəçi Quliyevin də Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012 - 2015-ci illərdə, həmçinin 2016/2017 mövsümündə “qırmızı-qara” forma geyinib. Bu müddətdə Quliyev 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən yeni transfer 2015/2016 mövsümündə və 2016 - 2019-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.