"Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı. Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik. "Universitatya" favorit olsa da, klub da, prezidentimiz də gəncdir. Get-gedə oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdır. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdur".
Sportnet.az-ın Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Universitatya" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, 3 saatlıq yolu 16 saata qət etmələri imkanlardan irəli gəlir. Amma o, uzun yolçuluğun meydanda mübarizə aparmamaq anlamına gəlməməlidir: İstərdik ki, lazımi nəticə üçün mübarizə aparaq. Amma qol buraxdıqda gərək 3 qol vuraq və rəqibi təəccübləndirək".
Hacıyev təkcə Elvin Yunuszadə deyil, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu və start heyətlə bağlı bugünkü məşqdən sonra qərar verəcəyini də əlavə edib: “İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.
Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya” barədə müsbət sözlər eşitdiyini vurğulayıb: “Bunu ilk oyun da göstərdi. Stadionunuz da gözəldir, Tofiq Bəhramov adına Respublika stadionuna bənzəyir. İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.
Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb: “Sabah istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq”.