UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarından sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.
Sportnet.az xəbər verir ki, turun ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspaniyalı futbolçu 5110 xalla İspaniya “Sevilya”sının oyunçusu Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri tutur.
Kintana "Qarabağ"ın qrupdakı ilk 3 oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun 4 zərbəsi çərçivəyə gedib, 135 ötürməsindən 108-i dəqiq olub.
Qeyd edək ki, Dani Kintana Kipr APOEL-inə qarşı 2:2 hesablı heç-heçə ilə nəticələnmiş matçda hesabı açıb. Franko Vaskes isə "Sevilya"nın Lüksemburq "Düdelanj"ını 3:0 hesabı ilə yendiyi görüşdə dubl edib. Hər iki oyun A qrupunda keçirilib.