Avropada yaşayan azərbaycanlılardan ibarət "Milli Dəstə" fan-klubunun üzvləri "Qarabağ"ın Kiprdə APOEL-lə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçında iştirak etməyəcək.
Bu barədə Sportnet.az-a fan-klubun rəhbəri Şamil Mustafayev məlumat verib. O bildirib ki, "Milli Dəstə" fəaliyyətinin klub hissəsini müvəqqəti dayandırıb: "Çünki vaxt baxımından çatdırmırıq. Lüksemburqda "Düdelanj"la matçda da yəgin ki, bannerimizin olmadığına fikir verdiniz. Sadəcə, fərdi qaydada iştirak etmişdik. Kiprə isə tanıdıqlarımdan və ya üzvlərimizdən heç kəs getməyəcək".
Mustafayev Kiprə gedə bilməməkdə təyyarə biletlərinin baha olmasını da səbəb göstərib.
Daha əvvəl Kipr mətbuatı "Qarabağ" klubunun təhlükəsizliyi nəzərə alaraq, öz azarkeşləri üçün bilet istəmədiyini yazıb.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı saat 21:55-də başlanacaq.