Azərbaycan Kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən Bakı klubu yarışın tarixində 50-ci qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.
3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.
“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov imza atıb. Bakılılar həm də evdə 40-cı qolu buraxıb. Qonaqların heyətində Nodar Məmmədov fərqlənib.