"Asan qələbə olmadı. Yaxşı ki, qalib gəldik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Anton Krivotsyuk səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib. Azərbaycan millisində də çıxış edən müdafiəçi psixoloji baxımdan əhəmiyyətli qələbə qazandıqlarını bildirib: "Çempionluq uğrunda mübarizəni davam etdiririk".
Krivotsyuk vurduğu qolu belə dəyərləndirib: "Topa başla zərbə endirmək anı yetişəndə, bunu hiss edirəm".
Gənc müdafiəçi Azərbaycan Kuboku uğrunda mübarizədə "Neftçi"yə rəqib olan "Sumqayıt"ın asan komanda olmadığını da diqqətə çatdırıb. O, dekabrın 16-da və 20-də keçiriləcək qarşılaşmaların yekununda mərhələ adlayacaqlarına inam ifadə edib.