Şahmatçı Əlirza Firuzca Rumıniyada keçirilən “Grand Chess Tour” turnirində zədəli halda oyuna çıxıb.
Sportnet.az xəbər verir ki, Fransa təmsilçisi V turda özbəkistanlı dünya şahmat tacına namizəd Cavohir Sindarov ilə heç-heçə edib.
Topuq nahiyəsindən zədə alan Firuzca görüşü hotel otağında keçirib. O, partiyanı çarpayıda uzanıqlı vəziyyətdə, ayağını yuxarı qaldıraraq oynayıb.
Şahmatçının zədəni mayın 16-da III turda niderlandlı Aniş Giri ilə görüşdən sonra aldığı bildirilib. Hadisənin detalları açıqlanmasa da, təşkilatçılar Firuzcanın “xoşbəxtlikdən, sınıqdan yayındığını” vurğulayıblar.
Fransalı qrossmeyster IV turda amerikalı Fabiano Karuana ilə partiyanı buraxsa da, turnirdən çəkilməmək qərarı verib. Oyunlarını arbitrin iştirakı ilə xüsusi ayrılmış otaqda keçirəcəyi bildirilib.
MRT müayinəsindən sonra həkim Firuzcaya yalnız ayağını yuxarı vəziyyətdə saxlamaq şərti ilə oynamağa icazə verib. Təşkilatçılar və rəqiblər də bu formata razılıq veriblər.
Ağ fiqurlarla oynayan Firuzca Sindarovla partiyanı 58-ci gedişdə heç-heçə başa vurub.
Rumıniyada keçirilən turnir mayın 23-də yekunlaşacaq.







































































