"Tədbir iştirakçılarını salamlayıram. Bu layihəni hazırlayan şəxslərə təşəkkür edirəm. İlk dəfədir ki, vitse-prezident kimi tədbirdə iştirak edirəm. Bilirsiniz ki, 35 ildən çoxdur məşqçi kimi çalışmışam. Burada çox gözəl gün yaşayıram. İlk növbədə, bütün mükafatçılıarı təbrik edirəm. Tədbirdə verilən plaketlər idmançı və məşqçi üçün önəmlidir. Evdə hərdən baxıram ki, 1995, 1996 və 2005-ci illərə aid plaket var. Bunlar hamısı xatirədir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib.
Voleybol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi qadın şahmatçılardan ibarət Azərbaycan millisinin uğurunun önəmli olduğunu bildirib: "Elə bilirəm ki, onlar mənim öz komandamdır. Hamısı ucaboydur. Bilsəydim onları şahmata yox, voleybola yönləndirərdim (gülür). Burada bizim komandamız yoxdur. Qadın şahmatçılar da özümüzündür. Onları ürəkdən təbrik edirəm".
Qarayev tədbirdə cüdo üzrə dünya çempionu Elxan Məmmədovun çıxışına diqqətlə qulaq asdığını vurğulayıb: "Onun danışdıqlarından nəticə çıxartdım. Baxmayaraq ki, yaşca məndən balacadır. Dedi ki, məni dünya çempionu olan vaxt sıxdılar. Hazırda vitse-prezident olmuşam, məni də sıxırlar. Amma sizə söz verirəm ki, bu sözlərdən sonra öz sahəmə qayıdacağam".
60 yaşlı təcrübəli mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu hər zaman dəstəklədiyini söyləyib: "Bunu onun özü də bilir. Hər zaman onun yanında olmuşam, indi də yanındayam. Xaricdəki mütəxəssislərə də hörmətimiz var. Biz də ölkə xaricində çalışmışıq. Bizə hörmət də ediblər. Ən əsası odur ki, Azərbaycan heç bir ölkədən geri qalmır. Niyə bizim məşqçilər kimdənsə geri qalmalıdırlar? Mən Qurban Qurbanovu ürəkdən təbrik edirəm".
Qarayev aparıcının "Baş məşqçi üçün eyni vaxtda yığmada və klubda çalışmaq çətindirmi?" sualına belə cavab verib: "Bunu ilk dəfədir açıqlayıram. Amma demək istəmirdim, siz vadar etdiniz. Mən Türkiyədə "Vakıfbank" klubunda işləyəndə 1997/1998 mövsümündə Türkiyə çempionu oldum və ölkə kubokunu qazandım. Türkiyə tarixində ilk dəfə komandanı Çempionlar Liqasına apardım. Orada da belə bir tədbir təşkil olunmuşdu. Həmin vaxt deyirdim: "Kaş Azərbaycanda da belə tədbirlər olsun. Bu gün həqiqətən gözəl tədbir keçir. "Vakıfbank"da işləyəndə məni Türkiyə millisinə çağırdılar. Dedilər ki, sizdən xahiş edirik. Həm "Vakıfbank"da işlədim, həm də Türkiyə millisinin məşqçisi oldum. "Azərreyl"də də işləmişəm. Onda da bir komanda var idi. Yaxşı xatırlayırsınız. Sistem elə idi ki, yığmadakı oyunçular hamısı mənim nəzarətim altında idi. Oradan da çox oyunçular yetişdi. Hazırda bizim federasiyada böyük islahatlar gedir. Kişilərin yarışında 8, qadınların mübarizəsində isə 6 komanda çempionatında iştirak edir. Yığmada da bir az gəncləşmə gedir. Hər şey yaxşı olacaq".
Qeyd edək ki, Qurban Qurbanov İAM-ın sorğusuna əsasən, ilin baş məşqçisi mükafatına layiq görülüb.