Azərbaycan 2019-cu ildə müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edib.
Sportnet.az xəbər verir ki, il ərzində müxtəlif nüfuzlu yarışlarda medallar da qazanılıb.
Fevralın 16-17-də batut gimnastikası və tamblinq, martın 14 - 17-də idman gimnastikası, aprelin 26 – 28-də bədii gimnastika üzrə Dünya Kubokları Milli Gimnastika Arenasında keçirilib. Mayın 17 – 19-da bədii gimnastika üzrə Avropa çempionatı və 16 - 22 sentyabrda isə eyni növdə dünya çempionatı Bakıda təşkil olunub. Paytaxtdakı hər üç Dünya Kuboku və dünya çempionatı “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Mixail Malkin tamblinq növündə, Nikita Simonov idman gimnastikasında gümüş medal qazanıb.
26 – 28 apreldə “Formula 1” üzrə Azərbaycan Qran-prisi təşkil olunub. Yarışın qalibi "Mersedes" komandasının pilotu Valtteri Bottas olub.
Bakıdakı ən böyük idman yarışı isə sözsüz ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının arasında keçirilmiş Avropa Liqasının final matçıdır. Ölkənin ən böyük arenası olan Bakı Olimpiya Stadionundakı oyun "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İyulun 20-dən 28-dək paytaxtda Avropa Gənclər Olimpiya Festivalı gerçəkləşib. Azərbaycan komandası yarışı 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 23 medalla 4-cü sırada başa vurub.
Bu il həmçinin mayın 10 - 12-də Bakıda cüdo üzrə Böyük Dəbilqə keçirilib. Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medal qazanıb.
İyunun 6 - 9-da təşkil badminton üzrə “Azerbaijan International-2019” Dünya Kuboku da məhz Bakıda baş tutub.
Azərbaycan idmançıları bu il beynəlxalq arenalarda da müxtəlif uğurlara imza atıblar. Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 28 medal (5 qızıl, 10 gümüş, 13 bürünc) qazanılıb və ölkə medal sıralamasında 10-cu yer tutulub.
Azərbaycan idmançıları İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasını isə 7 medalla 18-ci pillədə başa vurublar.
Mübarizəyə UEFA Çempionlar Liqasında başlayan "Qarabağ" Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" II təsnifat mərhələsində Gürcüstan "Dinamo"suna, III mərhələyə kimi irəliləyən "Neftçi" isə İsrailin "Bney Yehuda" klubuna məğlub olub. "Səbail" isə elə ilk mərhələdəcə Rumıniya "Krayova"sına uduzaraq, debüt etdiyi avrokuboklarla erkən vidalaşıb.
Azərbaycan milli komandası isə AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Macarıstan və Slovakiya ilə mübarizədə 1 xal qazanaraq, qrup sonuncusu olub.
Bu il həmçinin ölkənin bir neçə idmançısı Avropa və dünya çempionatlarında qızıl medal qazanıb.
İlin əvvəlində azərbaycanlı atlet Nazim Babayev ölkə tarixində ilkə imza ataraq 3 təkanla tullanma yarışında Avropa çempionu olub.
Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) Avropa çempionu, qadın güləşçilərdən Mariya Stadnik (50 kq) dünya çempionu, Elis Manolova (65 kq) isə Avropa çempionu olub.
Bundan əlavə taekvokdoçu Milad Beigi Harçeqani (80 kq) dünya çempionu adını qazanıb.
2019-cu ildə şahmatda da bir sıra uğurlar əldə olunub. Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub. Şahmat üzrə qadınlardan ibarət komanda isə Avropa çempionatında bürünc mükafat əldə edib.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına isə 11 lisenziya qazanılıb. Güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), taekvondoçu Milad Beigi Harçeqani (80 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), idman gimnastları Marina Nekrasova və İvan Tixonov, eləcə də bir nəfər şose yarışı üçün kişi velosipedçi (idmançını milli federasiya müəyyənləşdirəcək), bədii gimnastikada fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Həmçinin nüvə itələmədə Oloxan Musayev və Samir Nəbiyev, uzununa tullanmada (T12) Kamil Əliyev, atıcılıqda Kamran Zeynalovla Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov, eləcə də paraüzgüçülükdə Roman Saleh paralimpiadada iştirak etmək hüququna sahib olublar. (Report.az)