"Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.
Sportnet.az-ın məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxacaq, eləcə də digər məsələləri müzakirə edəcəklər.
Konfransda 35 nümayəndədən 33-ü iştirak edir. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.
AFFA-nın hüquq departamentinin əməkdaşı təklif olunan yenilikləri açıqlayıb. Əsas dəyişikliklər AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi, hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi, müvafiq müddətlərin müəyyənləşdirilməsi, İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi, 1-dən artıq sayda kluba nəzarət qaydasının tam olaraq, UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması, digər dəyişikliklərdir.
Daha sonra AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov təkliflərlə bağlı məsələlər qaldırıb və ona fikirlər bildirilib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.
R.Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FIFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.
Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası başlanıb.
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.