AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbədənkənar Konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, federasiya rəsmisi ilk olaraq Nizamnaməyə edilən dəyişiklər haqda danışıb:
- Bu il növbədənkənar Konfrans təşkil olundu. Daha sonra İcraiyyə Komitəsi keçirildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. Milli komandanın baş məşqçi məsələsi də müzakirə edildi. Həmin vaxtadək namizədlər siyahısı yeni İcraiyyə Komitəsi üzvlərinə təqdim edilməlidir.
- Dəyişikliklər nəyə hesablanıb?
- İlk növbədə Nizamnaməni təkmilləşdirmək istədik. Bir sıra Komitə ləğv olundu. Əvvəlki Nizamnamədə bir sıra Komitənin fəaliyyəti nəzərdə tutulmuşdu. Onlar ləğv edildi. Ehtiyac olsa, İK yenilərini yaradacaq. İK üzvlərinin sayı artdı. Bu praktika beynəlxalq futbol qurumlarında da tətbiq edildi. Belədə, vitse-prezidentlərin sayını da artırmağa zərurət duyuldu. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və 3 vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də öz vəzifəsini icra edəcək.
- İK-nın yeni üzvləri nə vaxt məlum olacaq?
- Sabahdan etibarən namizədliklər irəli sürülə bilər. Yanvarın 28-də yeni İK üzvləri seçiləcək. Daha sonra AFFA prezidenti seçiləcək. Vitse-prezidentlərin təyinatı isə AFFA prezidentinin səlahiyyətindədir.
- İK-dan istefa verən oldu?
- Xeyr, belə bir müraciət olmayıb. Yanvarın 28-də İK üzvlərinin səlahiyyət müddəti onsuz da başa çatır.
- Kuluarlarda belə bir söz-söhbət gəzir ki, icraçı vitse-prezident postuna gələrək, bütün səlahiyyətləri əlinizə alacaqsınız...
- Kuluarlara çox da inanmayın. AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidi. Bundan sonra AFFA prezidenti gəlir.
- Martın sonunda millimiz Maltayla yoxlama görüşü keçirəcək. Həmin vaxtadək millimizin baş məşqçisi məsələsi həllini tapacaqdır?
- Buna ümid edirik. Biz martda Maltayla səfərdə yoxlama oyunu keçirməklə yanaşı daha bir matç planlaşdırırıq. Bu, Latviya yığmasıdı. Həmin oyunu da Maltada keçirməyi düşünürük. Bundan əlavə mayda Türkiyəyə qarşılaşacağıq. Bir də Uels Futbol Federasiyası bizə müraciət edib. Onlar Avropa çempionatına hazırlıq çərçivəsində son oyunlarını bizimlə keçirmək istəyirlər. Çünki qrup oyunlarının ikisini Bakıda keçirəcəklər. Elə bu səbəbdən də bizimlə burda oynamaq istəyirlər.
- Niyə Hesabat-Seçki Konfransı martda yox, yanvarda baş tutacaq?
- Bu Konfrans yanvar-mart aylarında planlaşdırılmışdı. Bilirsiniz ki, Konfransın mayda keçiriləcəyinə dair şayiələr dolaşırdı və gördüyünüz kimi, bu, öz təsdiqini tapmadı. Qarşıdan Avropa Çempionatı gəlir. Biz də seçkini yanvara saldıq ki, daha sonra bütün diqqətimizi Bakıda baş tutacaq Avropa çempionatı oyunlarına yönəldək.