Səudiyyə Ərəbistanının Ciddə şəhərində İspaniya Super Kuboku uğrunda ikinci yarımfinal görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kinq Abdulla Sports Siti" stadionunda "Barselona" və "Atletiko" komandaları üz-üzə gəlib. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 3:2.
Qolların hamısı ikinci hissədə vurulub. 46-cı dəqiqədə Koke Madrid komandasını önə çıxarıb. 51-ci dəqiqədə Lionel Messi bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Antuan Qrizmann "Barsa"nı növbəti dəfə sevindirib. Lakin 81-ci dəqiqədə penaltidən Alvaro Morata və 86-cı dəqiqədə Anxel Korrea fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.
Beləliklə, yanvarın 12-də keçiriləcək final matçında "Atletiko" və "Real Madrid" komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.