
"Klublara məşqlərə başlamaqla bağlı tapşırıq verilməyib. Sadəcə, belə bir ehtimal var ki, mayın 15-dən komandalara hazırlığı bərpa etməyə icazə verilə bilər".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin (KK) sədri, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev deyib.
O bildirib ki, hələlik rəsmi qərar yoxdur: "Bildiyiniz kimi, Operativ Qərargahdan deyilmişdi ki, karantin rejimi yumşaldıla bilər. Ola bilsin ki, bu qərar idman mərkəzlərinə də şamil olunsun. Belə olsa, klublar da məşqlərə başlaya bilərlər".
KK sədri Azərbaycan Premyer Liqasının iyunun 5-nə kimi bərpa olunacağına dair yayılan xəbərlərə də münasibət bildirib: "Bunu sizdən eşidirəm. Operativ Qərargahdan nə deyilsə, ona uyğunhərəkət edəcəyik. Çempionatın startı ilə bağlı bizə PFL-dən məlumat daxil olmayıb".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.