
"Qəbələ” klubunun futbolçusu Amit Quluzadə Türkiyə I Liqasında çıxış edən "Boluspor”a keçəcəyi ilə bağlı iddialara münasibət bildirib. Sportnet.az-a danışan 22 yaşlı yarımmüdafiəçi hələlik bu barədə qəti qərar vermədiyini deyib.
Quluzadə "Qəbələ”də qalmaq fikrində olduğunu vurğulayıb: "Boluspor” klubundan rəsmi təklif almamışam. Sadəcə menecerlər vasitəsilə danışıqlar olub. Mən də dedim ki, hələ tələsiməyə ehtiyac yoxdur. Bir-iki məsələ var onu gözləyirəm. Zənnimcə, komandada qalıb-qalmamağım 1 həftəyə müəyyənləşəcək. Amma karyeramı "Qəbələ”də davam etdirmək istəyərdim”.
O, yeni baş məşqçinin gəlişindən sonra heyətdə daimi yer almaq üçün var gücü ilə çalışacağını bildirib: "Birinci dövrə mənə heyətdə şans verildi. Amma sonra alınmadı. Baş məşqçimiz Yuri Syomin komandaya yeni futbolçular gətirdiyinə görə onları oynatmalı oldu və mən bir qədər kənarda qaldım. Komandamıza yeni baş məşqçi gəlsin, görək necə olur. Çalışıb, sübut edəcəyəm ki, komandada qalmağa layiqəm”.
Qeyd edək ki, Amit Quluzadə 2011/12 mövsümündə Türkiyənin "Ərciyyəsspor” klubunda çıxış edib. Həmin vaxt I Liqada mübarizə aparan komanda ötən mövsüm Superliqaya vəsiqə qazanıb.