"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Ukraynanın "Dinamo" (Kiyev) komandasının sükanı arxasına keçməyə namizəddir.
Sportnet.az-ın məlumatına görə, "UA Futbol" nəşri mümkün namizədlərlə bağlı hazırladığı yazıda 52 yaşlı mütəxəssisə də yer verib. Yazıda Maksimovun hazırda rəhbərlik etdiyi "Vorskla"nı ən zəif komandadan Ukrayna Kubokunun finalçısına çevirdiyi vurğulanıb.
Onun birmənalı olmayan, amma parlaq karyera topladığı qeyd edilib: "Maksimov demək olar ki, bütün komandaları "zirzəmi"dən qəbul edib və Qazaxıstan "Taraz"ı istisna olmaqla, hamısında nəticə verib. Aydındır ki, o, karyera yüksəlişinə layiqdir. Amma Kiyev "Dinamo"sunda buna nail olacağını demək çətindir".
"Dinamo" baş məşqçisi Aleksey Mixayliçenko ilə yollarını ötən gün ayırıb. 57 yaşlı mütəxəssisin rəhbərliyi altında paytaxt təmsilçisi Ukrayna Kubokunun finalında məhz "Vorskla"nı penaltilər seriyasında üstələyib, çempionatda isə gümüş medalla kifayətlənib. Maksimov isə 2018-ci ildə "Keşlə"nin baş məşqçisi kimi Azərbaycan Kubokuna sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk da Ukrayna futbolunun flaqmanına rəhbərlik etməyə namizəd göstərilib. Amma artıq bir müddətdir klubsuz olan Qriqorçukun gündəmdə olacağı inandırıcı görünmür.