Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümünün qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ağdamın "Qarabağ” klubu mövsümün sonuna 2 tur qalmış çempionluğunu elan edib.
Baş məşqçi Qurban Qurbanovun komandası XXXIV turda Tofiq Bəhramov adına Respublika stadionunda ən yaxın izləyicisi "İnter”i darmadağın edib. Qollardan 3-ünü Reynaldo Silva vurub. Braziliyalı legioner 12-ci, 70-ci və 85-ci dəqiqələrdə fərqlənib. Qalib komandanın daha bir qoluna 86-cı dəqiqədə Muarrem Muarrem imza atıb. "İnter”in təsəlli qolunun müəllifi isə 74-cü dəqiqədə Baçana Tsxadadze olub.
Bu qələbədən sonra xallarını 72-yə çatdıran "Qarabağ” "İnter”i 9 xal geridə qoyaraq, 2 qat Azərbaycan çempionluğuna qovuşub. Sonuncu dəfə Ağdam komandası 1993-cü ildə qızıl medala sahib olub.